|
1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü
|
|
31.7.2026
|
|
31 iyul 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Bu gün Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi: "Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır”.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov "Ümummilli Lider Heydər Əliyev və ana dili siyasəti" və Kitabişləmə və kataloqlaşdırma şöbəsinin müdiri Əzizə Süleymanzadə "Əsrlərin süzgəcindən keçən qədim və zəngin ana dilimiz" adlı mövzularla çıxış edərək bildiriblər ki, hər bir xalqı, milləti başqalarından fərqləndirən mühüm amillərdən biri və ən başlıcası onun dilidir. Azərbaycan dili özünəməxsus zənginliyi ilə başqa dillərdən seçilir. Dədə Qorqud və Koroğlu dastanlarından gələn dilimiz həzin ana laylası ilə ruhumuza hopub. Ulularımızın bizə miras qoyub getdikləri ana dilimiz İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Məmməd Araz, Hüseyn Cavid və digər görkəmli qələm sahiblərinin əsərlərində daha da zənginləşib, görkəmli sənətkarlarımız yaradıcılıqları ilə Azərbaycan dilinin inkişafına öz töhfələrini veriblər. Dilimizin hərtərəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin gərgin zəhmətinin nəticəsi olaraq 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsi ilə Azərbaycan dili dövlət dili kimi təsdiq edildi. Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin doğma dilimizə həssas münasibəti, dilimizin inkişafı ilə bağlı verdiyi sərəncamlar ana dilimizə dövlət qayğısının bariz nümunəsidir.
Sonra sərgiyə baxış olub.
Tədbirdı Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular olmaqla 25 nəfər iştirak edib.
|
|