|
Əlisa Nicat - 90
|
|
7.8.2026
|
|
07 avqust 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında yazıçı Əlisa Nicatın anadan olmasının 90 illik yubileyi münasibətilə “Əlisa Nicat yaradıcılığı” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, Əlisa Nicat zəngin yaradıcılığı, tarixi romanları və fəlsəfi esseləri ilə oxucuların rəğbətini qazanan, özünəməxsus dəst-xətti ilə seçilən sənətkarlardandır. O yazıçı, şair olmaqla yanaşı, həm də tarixə, fəlsəfəyə və elmə dərindən bələd olan ziyalıdır.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Məsmə Cəfərova “Əlisa Nicatın zəngin ədəbi-fəlsəfi irsi” və baş kitabxanaçı İsmayıl Quliyev “Əlisa Nicat yaradıcılığında tarixilik” adlı mövzularla çıxış edərək bildiriblər ki, Əlisa Nicat 10 avqust 1936-cı ildə Lerikdə anadan olub, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kitabxanaşünaslıq şöbəsini bitirib və ədəbiyyata şeir, hekayələrlə gəlib, radio, televiziya, “Elm və həyat”, “Turan” adlı jurnallarda səmərəli fəaliyyət göstərib. Ədib 50 cildlik zəngin külliyatın, “Dünya filosofları”, “Ruhların söhbəti”, “Kədər şərabı” kimi dəyərli fəlsəfi əsərlərin müəllifidir. Plutarx və Məhəmməd Tahir kimi şəxsiyyətlərin əsərlərini dilimizə çevirən yazar elmi-maarifçilik fəaliyyətinə görə 1999-cu ildə AMEA tərəfindən fəlsəfə elmləri üzrə Fəxri doktor adına layiq görülüb. Ə. Nicat yaradıcılığının əsasını tarixilik təşkil edir. Onun “Qızılbaşlar”, “Gəncəli müdrik”, “Nağıllara dönən tarix”, “Dünya sərkərdələri”, “Sasanilərin sonu”, “Artakserks və Midiya türkləri” adlı əsərləri tarixi həqiqətləri ustalıqla sintez edərək gənc nəsildə milli qürur və vətənpərvərlik ruhunu formalaşdırıb. Ədibin “Nağıllara dönən tarix”, “Dünya filosofları”, “Dünya tarixçiləri”, “Yüz böyük Azərbaycanlı”, “Karvan”, “Tarixin qürubu” və s. kitabları bu gün də oxucular tərəfindən maraqla oxunur. Əlisa Nicatın bəxş etdiyi zəngin ədəbi irs Azərbaycan mədəniyyətinin dəyərli incisi olaraq gələcək nəsillər üçün də mənəvi mayak rolunu oynayacaqdır.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular olmaqla 22 nəfər iştirak edib.
|
|