|
Qabil İmamverdiyev - 100
|
|
12.8.2026
|
|
12 avqust 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında şair Qabil İmamverdiyevin anadan olmasının 100 illik yubileyi münasibətilə sərgi təşkil edilib.
Sərgidə şairin şeirləri, tərcümələri, həyat və yaradıcılıq yolu haqqında Azərbaycan və xarici dillərdə kitablar, dövri mətbuat materialları nümayiş olunur.
“Seçilmiş əsərləri” adlı kitabda şairin müxtəlif illərdə qələmə aldığı, mənəvi-əxlaqi, vətənpərvərlik və bəşəri ideyaları realist poeziya dili ilə tərənnüm edən seçmə şeirləri toplanıb. “Rübailər” adlı kitabda müəllifin insan həyatı, mənəvi-əxlaqi dəyərlər və vətənpərvərlik haqqında dərin fəlsəfi düşüncələrini əks etdirən seçmə dördlükləri yer alıb. “Vətəndaş sərnişinlər” adlı kitabda “sərnişin” obrazı vasitəsilə cəmiyyətdə fərdin məsuliyyəti, mənəvi-əxlaqi dəyərləri və laqeydliyə qarşı fəal vətəndaşlıq mövqeyi bədii dildə tərənnüm edilib. “Adsız-ünvansız iradlar” adlı kitabda şair zəngin ana dilimizin saflığını qorumağa çağırıb, dildə və cəmiyyətdə rast gəlinən nöqsanlara dair tənqidi iradlarını təqdim edib. “Qızıl sahilləri” adlı kitabda yaradıcılığının müxtəlif dövrlərində qələmə aldığı əsərləri yer alıb. “Nəsimi” adlı kitabında İmadəddin Nəsiminin insan ləyaqəti, fikir azadlığı və əqidə uğrunda sarsılmaz mübarizəsi, faciəvi və əzəmətli taleyi, “Təmizlik” adlı kitabında isə insan mənəviyyatının saflığı, vicdan və əməl təmizliyi təsvir edilib. M. Qabiloğlunun “Atam Qabilin qəribə əhvalatları” adlı kitabında şahidi olduğu, atasının məişət həyatını, hazırcavablığını və duzlu-məzəli xarakterini əks etdirən xatirələri toplanıb. “Azərbaycan” jurnalının 1986-cı il tarixli 2-ci sayında İ.Mustafayevin “O gecədən yadımda qalanlar: Qabil haqqında” adlı məqaləsində şairin insani keyfiyyətləri, hazırcavab xarakteri, vətəndaşlıq mövqeyi və alovlu poetik dünyası işıqlandırılıb.
Sərgidə, həmçinin Qabilin 2 cilddən ibarət “Seçilmiş əsərləri”, “Rübailər”, “Ömür həbləri”, “Əslində”, “Mehparə”, “Küləkli havalarda” adlı kitabları və dövrü mətbuatda dərc olunan məqalələri nümayiş edilir.
Sərgi 21 avqust 2026-cı il tarixədək nümayiş ediləcək.
|
|