|
"Əziz Əliyev - 130"
|
|
25.8.2026
|
|
25 avqust 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 130 illiyi münasibətilə sərgi təşkil edilib.
Sərgidə Əziz Əliyevin həyatı, səhiyyə və dövlətçilik quruculuğundakı müstəsna xidmətlərini əks etdirən nəşrlər, haqqında qələmə alınmış kitablar və dövri mətbuat nümunələri nümayiş edilir.
Şair-dramaturq H. Orucovun “Odlar yurdunun və dağlar diyarının iftixarı” adlı kitabında Azərbaycanın böyük oğlu, görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin ömür yolu, ölkəmizdə gördüyü böyük işlər, çoxsahəli fəaliyyəti, Cənubi Azərbaycanda və Dağıstanda əvəzsiz xidmətlərindən bəhs edilib. L.Talışinskinin “XX əsr Azərbaycan dövlətçilik tarixində görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin xidmətləri” adlı dərs vəsaitində Əziz Əliyevin XX əsrin 20-30-cu illərində elmi-təşkilatçılıq fəaliyyəti hərtərəfli işıqlandırılıb, 1941-1945-ci illərdə Ə.Əliyevin İrandakı missiyası geniş təhlil edilib, Dağıstan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi təşkilatçılıq, yaradıcılıq missiyası hərtərəfli tədqiq edilib. H. Orucovun "Əziz Əliyev: Böyük ömrün anları" adlı monoqrafiyasında görkəmli dövlət və elm xadimi Ə. Əliyevin həyat yolu, ictimai-siyasi və səhiyyə fəaliyyəti zəngin arxiv sənədləri əsasında əks etdirilib. “Naxçıvan Ensiklopediyası” kitabında Ə.Əliyevin Naxçıvandakı səhiyyə quruculuğu, respublika və ittifaq miqyasındakı ictimai-siyasi fəaliyyəti öz əksini tapıb. H. Mirələmovun "Azərbaycan" qəzetinin 27 iyul 2012-ci il tarixli buraxılışında dərc olunmuş "Fədai" məqaləsində görkəmli dövlət, səhiyyə xadimi Ə. Əliyevin ömür yolu, xalq qarşısındakı müstəsna xidmətləri və İkinci Dünya müharibəsi illərində göstərdiyi təşkilatçılıq bacarığı "fədailik" prizmasından şərh olunub. Akademik M.Cavadzadənin “Azərbaycan” qəzetinin 26 dekabr 2006-cı il tarixli buraxılışında dərc olunan “Böyük dövlət xadimi, görkəmli alim, fədakar həkim” adlı məqaləsində Ə. Əliyev respublika səhiyyə sisteminin və tibb təhsilinin əsasını qoyan böyük alim, ömrünü xalqına həsr etmiş fədakar həkim kimi xarakterizə olunub.
Sərgidə, həmçinin “Əziz Əliyev. Görkəmli dövlət və elm xadimi” adlı kitab və “Şərq qapısı” qəzetinin 19 iyun 2007-ci il tarixli sayında dərc olunan R.Rəhimovun “Xalqa, dövlətə xidmət nümunəsi” adlı məqaləsi nümayiş edilir. Sərgi il ərzində nümayiş ediləcək.
|
|