|
"Beynəlxalq Azərbaycan Muğamı Günü"
|
|
25.8.2026
|
|
25 avqust 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Beynəlxalq Azərbaycan Muğamı Günü münasibətilə sərgi təşkil edilib.
Sərgidə Azərbaycan və xarici dildə 14 kitab, 1 səsyazısı-CD (albom) nümayiş edilir.
F. Şuşinskinin “Azərbaycan xalq musiqiçiləri” adlı kitabında XIX əsrin görkəmli xanəndəsi Hacı Hüsüdən məşhur xanəndə Xan Şuşinskiyə qədər yaşamış el sənətkarları haqqında geniş məlumat verilib. F.Şuşinksinin “Azərbaycan musiqi xəzinəsi” adlı kitabında Azərbaycanın tanınmış muğam ustadları, sənətkarları haqqında qiymətli məlumatlar yer alıb. F. Əzimlinin “Azərbaycan muğam məktəbi” adlı kitabında ilk dəfə olaraq instrumental muğamlar tam şəkildə nota köçürülüb. Ə. Məmmədlinin “Azərbaycan muğamları” adlı kitabında on dörd muğam instrumental şəkildə nota yazılıb. R. Zöhrabovun “Muğam” və “Azərbaycan muğamları” adlı kitablarında Azərbaycan xalqının musiqi irsində muğamların yeri, bədii qiyməti müəyyənləşdirilib, muğam dəstgahlarının, kiçik həcmli muğamların, zərbi-muğamların səciyyəvi cəhətləri araşdırılıb. Z. Səfərovanın “Azərbaycan musiqi elmi” adlı kitabında Azərbaycanın musiqi elminin XIII əsrdən XX əsrə qədərki dövrünün tarixi, inkişaf yolu ilk dəfə xüsusi monoqrafiya şəkilində təqdim edilib.
Sərgidə, həmçinin T.Bakıxanovun “Dügah”, “Humayun”, “Nəva”, “Rahab” adlı simfonik muğamları, “Qarabağ xanəndələri”, M. Hacıyevanın “Azərbaycan muğam fəlsəfəsi”, T. Bünyadovun “Əsrlərdən gələn səslər”, Ф. Шушинский “Народные певцы и музыканты Азербайджана”, ”Энциклопедия Азербайджанского мугама” adlı kitablar nümayiş edilir.
Sərgi 02 sentyabr 2026-cı il tarixədək nümayiş ediləcək.
|
|