|
Seyfəddin Dağlı - 105
|
|
26.8.2026
|
|
26 avqust 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında yazıçı, dramaturq Seyfəddin Dağlının anadan olmasının 105 illik yubileyi münasibətilə əsərlərinin biblioqrafik icmalı keçirilib.
İcmalı giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, Azərbaycan ədəbiyyatı, satirası və teleradio sənətinin inkişafında müstəsna xidmətləri olan Seyfəddin Dağlının zəngin irsi bu gün də öz aktuallığını qoruyub saxlayır. Müəllifin əsərləri dilinin sadəliyi, oxucuda gülüş yaradan maraqlı süjet xətti və zəngin ifadə tərzi ilə seçilir.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Mədəniyyət və incəsənət üzrə məlumat bölməsinin müdiri Nuridə Səfərova “Seyfəddin Dağlı yaradıcılığında dramaturgiya və satira” adlı mövzu ilə çıxış edərək bildirib ki, S. Dağlı 1921-ci il avqustun 27-də Xızıda dünyaya göz açıb. İkinci Dünya müharibəsi başlayanda cəbhəyə yollanan S.Dağlı 1941–1956-cı illərdə hərbi xidmətdə olub. 1938-ci ildən maraqlı felyetonları ilə bədii yaradıcılığa qədəm qoyan ədibin müharibə illərində “Vətən uğrunda”, “Ədəbiyyat” və Təbrizdə nəşr olunan “Vətən yolunda” qəzetlərində çoxlu satirik əsərləri çap olunub. Müharibədən sonra ədib Azərbaycan Televiziya və Radio verlişləri Komitəsində baş redaktor, Bakı Telestudiyasının direktoru və Komitə sədrinin müavini vəzifələrində çalışaraq zəngin yaradıcılıq məktəbi keçib. 1948-ci ildə işıq üzü görən “Dəniz kəşfiyyatçısı” əsəri ilə uğur qazanan müəllif, dramaturgiya sahəsində də böyük nailiyyətlər əldə edib. Onun “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək”, “Təzə gəlin”, “Kölgələr pıçıldaşır” adlı pyesləri teatrlarımızda səhnələşdirilib. Cəmiyyətdəki nöqsanları və haqsızlıqları iti satirik tərzi ilə tənqid edən yazıçının “Məşəl”, “Sabiqlər”, “Vergülağa Nöqtələrov”, “Aldada bilməzsən”, “Şirin duz” kimi kitabları geniş oxucu kütləsinin rəğbətini qazanıb. Nəğməkar şair kimi böyük şöhrət qazanan S.Dağlının sözlərinə Cahangir Cahangirov, Tofiq Quliyev, Ramiz Mirişli və Aygün Səmədzadə tərəfindən bəstələnmiş əsərlər bu gün də dinləyicilər tərəfindən rəğbətlə qarşılanır.
Sonra Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Metodika və biblioqrafiya şöbəsinin müdiri Fəridə Ələsgərova müəllifin kitabxananın fondunda olan əsərləri haqqında məlumat verib.
İcmalda Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublikasının əməkdaşları və fəal oxucular olmaqla 23 nəfər iştirak edib.
|
|