|
Cek London "Martin İden"
|
|
28.8.2026
|
|
28 avqust Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Kitabxana Günü” ilə əlaqədar Amerika yazıçısı Cek Londonun “Martin İden” romanının müzakirəsi keçirilib.
Müzakirəni Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, Cek London ağır həyat yolu keçib, öz istedadı və iradəsi ilə dünya ədəbiyyatının zirvəsinə ucalıb. O əsərlərində bir tərəfdən həyatın real çətinliklərini təsvir edir, digər tərəfdən isə insanın öz arzularına olan tükənməz inamını göstərir. Bu ziddiyyət oxucuya hər bir sınaq qarşısında mübarizə aparmağın vacibliyini aşılayır.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kitabişləmə və kataloqlaşdırma şöbəsinin müdiri Əzizə Süleymanzandə “Cek Londonun həyat və yaradıcılıq yolu” və kitabxanaçı Vüsalə Mirzəyeva “Martin İdenin yaradıcılıq mübarizəsi” adlı mövzularla çıxış edərək bildiriblər ki, 1876-cı ildə San-Fransiskoda doğulan Cek London çox erkən yaşlarından ağır fiziki əməklə məşğul olub, dənizçilikdən fəhləliyə qədər müxtəlif sahələrdə çalışıb. Bütün çətinliklərə baxmayaraq, mütaliəyə və elmə böyük həvəs göstərən yazıçı gündə 15-17 saat yorulmadan çalışaraq qısa ömrünə 40-a yaxın dəyərli kitab sığışdırmağı bacarıb. Yazıçı “Atalarının Tanrısı”, “Şaxtanın övladları”, “İnsana inam”, “Ay üzlü”, “İtirilmiş üz” adlı hekayələrin, “Qarlar qızı”, “Dəniz canavarı”, “Həyat eşqi”, “Martin İden” və s. romanların müəllifidir. Cek Londonun əsərlərinin motivləri əsasında çoxlu sayda filmlər çəkilib. “Martin İden” romanı Cek London yaradıcılığının şah əsəri olub, avtobioqrafik xarakter daşıyır. Əsər yoxsul bir dənizçi olan 21 yaşlı gənc Martin İdenin həyatından bəhs edir. O, yüksək təbəqədən olan Ruf adlı qıza aşiq olur və onun mühitinə daxil ola bilmək üçün gecə-gündüz mütaliə edərək özünü inkişaf etdirir. Böyük çətinliklərdən keçərək tanınmış bir yazıçıya çevrilir. Əsər sadə bir insanın zəhmət, polad iradə və istedad sayəsində hər bir haqsızlığa qalib gəlmək əzmini nümayiş etdirir. Roman oxucuya insanın imkanlarının sərhədsiz olduğunu göstərməklə yanaşı, saxta dəyərlərin və mənəvi yalnızlığın doğurduğu faciəni diqqətə çatdırır.
Sonda tədbir iştirakçıları “Martin İden” romanı ətrafında fikir mübadiləsi aparıb.
Müzakirədə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular olmaqla 20 nəfər iştirak edib.
|
|