|
“Söz sərhəd tanımır”
|
|
26.9.2026
|
|
26 sentyabr 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi, “Zərif Qadınlar” Ədəbi Qrupu və “Kitabçılar birliyi” ilə birlikdə “Söz sərhəd tanımır” mövzusunda tədbir keçirib.
Tədbir başlamazdan öncə Azərbaycanın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, belə tədbirlərin keçirilməsi iştirakçılar arasında əlaqələrin daha da möhkəmlənməsinə, yeni ideyaların və faydalı təşəbbüslərin yaranmasına mühüm töhvə verəcək.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, şair Asim Yadigar, şair-publisist, “Zərif Qadınlar” Ədəbi Qrupunun üzvü, tədbirin təşkilatçılarından Sevinc Azadlı, “Kitabçılar Birliyi”nin təsisçi rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, üç şeir kitabının müəllifi Esmira Abdullayeva, həmçinin birliyin üzvlərindən 4 kitab müəllifi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü Nigar Səttar-zadə, Qadın istərsə” şeir kitabının müəllifi, sosial pedaqoq Sevil Ülvi, yazar, “Səsimi kim eşidər” kitabının müəllifi Mehriban Məmmədova, ADNSU-nun Təhsilalanlarla iş şöbəsinin müdiri, Bakı Dövlət Universitetində Fizika ixtisası üzrə fəlsəfə doktoru Rəna Cəbrayılova, yazar Elmira Kərəmova, şair-publisist, filologiya üzrə fəlsəfə doktoru, dosent, tərcüməçi Elxan Yurdoğlu, ”Günəş Uşaq Akademiyası”nın təsisçi direktoru, jurnalist və pedaqoq Ulduz Əliyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə və yaşam terapisti Əzizə Həsənova, şair Mirkərim Həsrət, şairə Rəqsanə Tapdıqlı və s. çıxış edərək bildiriblər ki, dil və söz xalqların mədəniyyətini, tarixini və milli kimliyini yaşadan əvəzsiz xəzinədir. Sözün sərhədi yoxdur, o zamanları, məkanları və insanları birləşdirir. Sözümüz uca, fikrimiz aydın, dilimiz zəngin və milli dəyərlərimiz əbədi olsun.
Sonda Esmira Abdullayeva tədbirin yüksək səviyyədə təşkil olunmasına görə təşəkkürünü bildirib, yazarların kitabları tədbir iştirakçılarına təqdim edilib.
Tədbirdə 39 nəfər iştirak edib.
|
|