|
Mirzə ibrahimov - 115
|
|
28.10.2026
|
|
28 oktyabr 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Xalq yazıçısı Mirzə İbrahimovun anadan olmasının 115 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, əlli ildən artıq yaradıcılıq yolu keçən Mirzə İbrahimovun ədəbi fəaliyyəti müasir ədəbiyyatımızın inkişafında xüsusi rol oynayıb. Onun üçün o taylı-bu taylı Azərbaycan yox, vahid Azərbaycan var idi. Mirzə İbrahimovun bədii, elmi əsərləri, ictimai fəaliyyəti xalqımızın milli mənlik şüurunun formalaşması uğrunda mübarizəyə həsr olunub.
Oxuculara xidmət şöbəsinin müdiri Aysel Musayeva “Mirzə İbrahimovun həyat və yaradıcılıq yolu” və Kitabsaxlama şöbəsinin kitabxanaçısı Əfsanə Bayramlı “Mirzə İbrahimovun yaradıcılığında Cənub mövzusu” adlı mövzularla çıxış edərək bildiriblər ki, Mirzə İbrahimov bədii yaradıcılığa 1930-cu ildə dərc edilən "Qazılan buruq" adlı ilk şeiri ilə başlayıb. O, 1935-1937-ci illərdə görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığından bəhs edən namizədlik dissertasiyasını müdafiə edib. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunanda Mirzə İbrahimov akademiyanın ilk seçilən 15 həqiqi üzvündən biri olub. Ədib "Gələcək gün", "Böyük dayaq", "Pərvanə" romanları, “Həyat”, “Madrid”, “Məhəbbət” pyesləri, "Kəndçi qızı" komediyası ilə Azərbaycan bədii nəsrini və dramaturgiyasını zənginləşdirib. O "On iki dekabr", "Azad", "Tonqal başında" və "Cənub hekayələri" silsiləsində xalqımızın azadlıq mübarizəsini bədii şəkildə əks etdirib. Yazıçı U.Şekspirin “Kral Lir”, “On ikinci gecə, yaxud hər nə istəsəniz”, A.N.Ostrovskinin “Quduz pullar”, “Müdrik olan hər kəsə kifayətdir sadəlik”, A.P.Çexovun “Üç bacı”, Molyerin “Don Juan” pyeslərini Azərbaycan dilinə tərcümə edib. Yazıçının bir sıra əsərləri müxtəlif dillərə tərcümə olunub. Onların əsasında bədii və sənədli filmlər çəkilib.
Sonra “Mirzə İbrahimov – 115” adlı sərgiyə baxış olub.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları olmaqla 18 nəfər iştirak edib.
|
|