|
"Cinayət və cəza" romanının müzakirəsi
|
|
30.10.2026
|
|
30 oktyabr 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Kitabxana Günü” ilə əlaqədar rus yazıçısı Fyodor Dostoyevskinin anadan olmasının 205 illiyi münasibətilə “Cinayət və cəza” romanının müzakirəsi keçirilib.
Müzakirəni giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, Fyodor Dostoyevskinin “Cinayət və cəza” romanı hər dövr üçün aktual və dəyərli əsərdir. Bu roman oxucuları vicdanın səsinə qulaq asmağa və insani dəyərlər haqqında dərindən düşünməyə çağırır.
Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Məsmə Cəfərova “Fyodor Dostoyevskinin fəlsəfi və ədəbi dünyası” və Abonement şöbəsinin kitabxanaçısı Surə Vəliyeva “İnsan vicdanı və mənəvi təmizlənmə: “Cinayət və cəza” romanının fəlsəfi-psixoloji təhlili” adlı mövzularla çıxış edərək bildiriblər ki, Fyodor Dostoyevski çətin həyat yolu, həbs və Sibir sürgünü kimi sınaqlardan keçərək insan psixologiyasının ən dərin qatlarını kəşf edib. Uşaq yaşlarından yazıçı olmaq arzusunda olan ədibin ilk "Yoxsul insanlar" adlı romanı 1846-cı ildə işıq üzü görüb. Həyatındakı ağır sarsıntılar, çəkdiyi depressiyalar və daxili mübarizələr əsərlərinin əsasını formalaşdırıb. Dostoyevskinin əsərlərində insanın həyat mübarizəsindən, azadlıq, əxlaq və inanc kimi mənəvi dəyərlərdən bəhs edilir. Dahi yazıçı dünya ədəbiyyatı xəzinəsinə “Alçaldılmış və təhqir olunmuşlar”, “Ölü evdən qeydlər”, “Qumarbaz”, “İdiot”, “Əbədi ər”, “Cinlər”, “Yazıçının gündəliyi” və yaradıcılığının zirvəsi sayılan “Cinayət və cəza” adlı əsərləri bəxş edib. 1866-cı ildə qələmə aldığı “Cinayət və cəza” romanında cəmiyyətin problemləri ilə yanaşı, insanın daxili dünyasını, vicdanını və onu düzgün yola yönəldən mənəvi dəyərləri təhlil edib. Əsərin baş qəhrəmanı Rodion Raskolnikov işlədiyi cinayətdən sonra dərin vicdan əzabı və mənəvi sarsıntı keçirir. Sonya Marmeladovanın sevgisi və inancı sayəsində xilas yolunu tapan Raskolnikov səhvini anlayaraq cinayətini etiraf edir. Sonya Marmeladovanın timsalında təqdim olunan sevgi, inanc və mənəvi təmizlənmə əsərin əsas ideyasını təşkil edir.
Sonra roman ətrafında müzakirələr aparılıb.
Müzakirədə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları olmaqla 18 nəfər iştirak edib.
|
|