|
Xalq şairi Balaş Azəroğlu -115
|
|
11.11.2026
|
|
11 noyabr 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Xalq şairi Balaş Azəroğlunun anadan olmasının 115 illik yubileyi münasibətilə kitabxananın fondunda olan əsərlərinin biblioqrafik icmalı keçirilib.
İcmalı giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, müasir Azərbaycan poeziyasının parlaq simalarından olan Xalq şairi Balaş Azəroğlu xalqımızın bədii söz xəzinəsinə misilsiz töhfələr verib. Cənub nisgili və Vətən məhəbbəti şairin bütün yaradıcılıq yolunun ana xəttini təşkil edir. Onun poeziyası hər zaman oxucu qəlbində əks-səda taparaq insanları düşünməyə sövq edir.
Metodika və biblioqrafiya şöbəsinin biblioqrafı Nəzmiyyə Həsənova “Vətən həsrəti bitməyən şair” adlı mövzu ilə çıxış edərək bildirib ki, yaradıcılığa erkən yaşlarda başlayan şairin “Dnepr” adlı ilk şeiri 1937-ci ildə Bakıda çap olunub. Yetmiş ildən çox yaradıcılıq yolu keçən şairin qırxdan çox kitabında Vətənə bağlılıq, Cənub həsrəti və azadlıq mübarizəsi əsas yer tutur. Şairin müxtəlif illərdə nəşr olunan “Şeirlər”, “Savalan”, “Mübarizə yollarında”, “Gənclik dostlarım”, “Mənim nəğmələrim”, “Səhər şəfəqləri”, “Sənətin qüdrəti”, “Hafizin qəbri üstündə”, “Elə oğul istəyir Vətən”, “Dünənim, bu günüm, sabahım”, “Gəl, ay bahar”, “Sinəm Savalan dağıdır”, “Bir kürsü istəyirəm” və s. şeir kitabları bu gün də oxucular tərəfindən sevilir. Onun əsərlərindən bir çoxu xarici dillərə tərcümə edilərək nəşr olunub. Şair Nizaminin "Yeddi gözəl" poemasını, Füzulinin qəzəllərini, Şəhriyarın şeirlərini farscadan Azərbaycan dilinə tərcümə edib. Çoxillik zəngin ədəbi və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilən Balaş Azəroğlu bir sıra orden və medallarla təltif edilib.
Sonra Metodika və biblioqrafiya şöbəsinin müdiri Fəridə Ələsgərova müəllifin kitabxananın fondunda olan əsərləri haqqında məlumat verib.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları olmaqla 17 nəfər iştirak edib.
|
|