|
|
11.03.2021
|
|
Martın 10-da Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində xalq şairi Süleyman Rüstəmin anadan olmasının 115 illiyi münasibətilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Rüstəmova açmışdır.
Sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi katibi Günay Kəngərli “Həyat və həqiqət nəğməkarı” adlı mövzu ilə çıxış edərək bildirmişdir ki, S.Rüstəm poeziyanı, lirikanı dövlət təfəkkürü ilə əlaqələndirirdi. Bu da onun yaradıcılığında poeziyanın keçilməmiş yollarından biri idi. O, poeziyanı zamandan, onun siyasi mübarizələrindən, ideoloji qənaətlərindən və hislərindən qətiyyən ayırmırdı, çünki onun yaradıcılıq görüşlərinə görə poeziya zamanın səsidir, mənəvi-siyasi və fəlsəfi təfəkkürüdür. Lakin müəyyən sosial məqsəd və fikir ifadə etdikdə belə S.Rüstəm şair olaraq qalırdı. O, müasirliyi, sosial və poetik təfəkkürü ahəngdar şəkildə birləşdirirdi.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının komplektləşdirmə şöbəsinin müdiri Rahilə Məmmədova “Süleyman Rüstəm yaradıcılığında azərbaycançılıq məfkurəsi” adlı mövzu ilə çıxış edərək bildirmişdir ki, S.Rüstəmi bir şair kimi fərqləndirən cəhət öz yaradıcılığında Cənubi Azərbaycan mövzusuna əhəmiyyətli yer ayırmasıdır. O, həqiqətən şairin poeziyasında ən davamlı mövzu və motivlərdəndir. Şair altmış ildən çox bu mövzudan ayrılmamışdır. Və biz Cənub lirikasında onun poeziyasının ən gözəl xüsusiyyətlərini – ideya və poetik xüsusiyyətlərini görürük. S.Rüstəm bu şeirlərində Azərbaycanın vahidliyini, mənəvi bütövlüyünü təsdiqləyirdi ki, bunun yalnız tarixi bir mənası və əhəmiyyəti yox, həm də milli müstəqilliyimizin ideyaları baxımından da çox dərin mənası vardır.
H.Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin kitabxana müdiri Çinarə Səfərova “Süleyman Rüstəm yaradıcılığı” adlı mövzu ilə çıxış edərək bildirmişdir ki, Böyük Vətən müharibəsi illərində müasirləri olan bir çox şair kimi, S.Rüstəm də bütün yaradıcılığını səfərbərliyə aldı, poeziyasının bütün mənəvi qüvvəsini və imkanlarını vətəni, xalqı, ölkənin ləyaqətini qorumaq işinə sərf etdi. Şair qələbəyə, xalqın müharibədə qalib gələcəyinə inanırdı. Həm də bu inamı insanlara aşılayırdı. Müharibə dövrünün poeziyasında ifadə olunan hiss əsərlərində üzvü bir vəhdət təşkil edirdi.
Tədbirin sonunda dərnək üzvlərinin ifasında Süleyman Rüstəmin şeirləri səsləndirilmişdir.
|
|